İrakli Qaribaşvili Benyamin Netanyahu ilə görüşüb – FOTO

İsraildə rəsmi səfərdə olan baş nazir İrakli Qaribaşvili həmkarı Benyamin Netanyahu ilə görüşüb.

Bu barədə Hökumət administrasiyası məlumat yayıb.

Məlumata əsasən hökumət başçıları həm təkbətək, həm də geniş tərkibdə görüş keçiriblər.

Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas istiqamətlərini və mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

İrakli Qaribaşvili İsrail dövləti ilə mövcud dostluq və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayaraq ölkələr arasında tərəfdaşlığın daim yüksək səviyyədə olduğunu qeyd edib. Baş nazir vurğulayıb ki, ölkələr arasında ticari-iqtisadi əlaqələr dinamik şəkildə inkişaf edir və azad ticarət sazişi üzrə danışıqlara gələn ildən başlanılacaq ki, bu da tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxaracaq.

Benyamin Netanyahu isə bildirib ki, İsrail və Gürcüstan arasında çox isti münasibətlər mövcuddur və əlaqələri daha da dərinləşdirməyə ehtiyac var. Netanyahu həmçinin gürcü və yəhudi xalqları arasında çoxəsirlik tarixi münsaibətlərin olduğunu və bundan məmnunluq hissi duyduqlarını dilə gətirib.