Azərbaycan Gürcüstan sərhəddini pozmağa cəhd edən şəxslər saxlanılıb

Avqustun 30-da saat 07:20-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərən Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları 1969-cu il təvəllüdlü Amair Ziane və 1999-cu il təvəllüdlü Belkhatır Mohammed-Fodil sərhəd naryadı tərəfindən saxlanılıb.

RealNews.ge xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Araşdırma zamanı saxlanılan şəxslərin Azərbaycan ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.