Gürcüstanlı müəllim və tələbələr Qazax Müəllimlər Seminariyasında təhsil alacaqlar

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ADA Universitetinin Qazax Müəllimlər Seminariyasında təhsil alacaq Gürcüstanlı tələbələrlə görüş keçirib.

Görüşdə diplomat bildirib ki, Azərbaycan dövləti tərəfindən hər il Gürcüstandakı azərbaycandilli məktəblərə minlərlə dərs vəsaiti və müxtəlif kitablar çatdırılır. Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda məktəblər, idman kompleksləri, mədəniyyət ocaqları tikilir və əsaslı təmir olunur.

Səfir diqqətə çatdırıb ki, ADA Universitetinin rəhbəri, professor Hafiz Paşayevin təşəbbüsü ilə Gürcüstan Azərbaycanlılarının daha yaxşı ali təhsil almalarına yardım məqsədilə yeni layihə hazırlanıb: “Bu layihə əsasında Gürcüstanda soydaşlarımız arasında keçirilmiş müsabiqə nəticəsində 25 nəfər ADA Universitetinin Qazax Müəllimlər Seminariyasında ikinci ali təhsil alacaq. Düşünürük ki, bu, soydaşlarımıza yüksək dövlət vəzifələrində çalışmalarına imkan yaradacaq”.

Səfir ADA Universitetinin imkanları, dünyanın ali təhsil ocaqları sırasındakı yüksək yeri, bu universiteti, eləcə də Qazax Müəllimlər Seminariyasını bitirən məzunlar üçün yaradılan geniş iş imkanları barədə ətraflı məlumat verib.

Qazax Müəllimlər Seminariyasında təhsil alacaq tələbələr də göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan dövlətinə, eləcə də professor Hafiz Paşayevə təşəkkür ediblər.