Bolnisidə şəhid Sahib Daşdəmirovun ailəsi ziyarət olunub – FOTO
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları Bolnisi rayonunun Saraçlı kəndindən olan şəhid Azərbaycan ordusunun zabiti kapitan Sahib Natiq oğlu Daşdəmirovun ailəsini ziyarət ediblər.
Səfir şəhidin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib. Azərbaycan xalqının öz şəhidləri ilə qürur duyduğunu vurğulayıb.
Diplomat Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə Gürcüstandan olan soydaşlarımızın rolunu xüsusi qeyd edib. Təkcə Qarabağ müharibəsi zamanı 23 soydaşımızın şəhidlik zirvəsinə yüksəldiyini bildirib.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən Azərbaycan dövləti şəhid və qazi ailələrinə, müharibədə xəsarət almış insanlara böyük diqqət göstərir. Gürcüstandan olan şəhidlərin ailələri də bu qayğı ilə əhatə olunublar.
Şəhidin atası Natiq Daşdəmirov Bakıda oğlunun dəfn mərasimində iştirak etdiyi üçün səfir onunla birbaşa telefon bağlantası qurub və bir daha ailəyə baş sağlığı verib.
Şəhidin atası Natik Daşdəmirov və hazırda Saraçlıda olan şəhidin əmisi Qafqaz Daşdəmirov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və səfirliyə minnətdarlığını bildiriblər.
Kənd ağsaqqalları adından çıxış edən Məhəmməd İsayev şəhid kapitan Sahib Daşdəmirovun Saraçlıda doğulduğunu, məktəb illərində hərbiçi olmaq arzusunda olduğunu bildirib və onun özünü əsl vətənpərvər kimi göstərdiyini qeyd edib. Onun və digər şəhidlərimizin qəhrəmanlığının digər yeniyetmə və gəclərimiz üçün örnək olduğu xüsusi vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror tədbirlərinin tez bir zamanda qələbə ilə başa çatması soydaşlarımıza hədsiz sevinc yaşadıb. Bu qələbə regionda əminamanlığa, sülh və sabitliyə yol açacaq. Bu da regiondakı bütün xalqların yaxşı yaşamasına imkan yaradacaq.
Mərasimdə Bolnisi rayonunun ağsaqqalları, ziyalılar və kənd sakinləri iştirak ediblər.