Nüfuzlu “Turizm Oskarı”nın təqdimatı mərasimi ilk dəfə Gürcüstanda keçiriləcək

“Turizm Oskarı” kimi tanınan beynəlxalq “World Travel Awards” mükafatının təqdimatı mərasimi ilk dəfə olaraq Gürcüstanda keçiriləcək. Batumi sentyabrın 28-29-da bu nüfuzlu tədbirə ev sahibliyi edəcək.

Bu barədə Acara hökumətinin mətbuat xidməti məlumat yayıb.

Batumidə aparıcı turizm şirkətlərinin 300-dək nümayəndəsinin, eləcə də 20-dən artıq ölkənin biznes və dövlət müəssisələrinin iştirak edəcəyi turizm forumu təşkil olunacaq.

Sentyabrın 29-da keçiriləcək tədbirdə Avropanın aparıcı turizm istiqamətlərinin adları açıqlanacaq. “World Travel Awards” mükafatının nominasiyalarından birində Botanika bağı və Batumi bulvarı təmsil olunacaq.

Tədbiri populyar səyahət blogerləri və “Euronews”, “Wanderlust”, “Emerging Europe” və “EarthPix” kimi beynəlxalq KİV-lər işıqlandıracaq.

Məlumat üçün onu da bildirək ki, “World Travel Awards” mükafatı 1993-cü ildə təsis edilib və bu gün turizm sektorunun beynəlxalq tədbirlər təqvimində əhəmiyyətli yer tutur.