Tanınmış gürcü şairi Azərbaycanda mükafata layiq görülüb
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Beynəlxalq Tərcüməçilər Günü münasibətilə təsis etdiyi “Dövlət Tərcümə (Mərkəzi) Mükafatı”na bu il Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə tanınmış gürcü şairi, tərcüməçi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili layiq görülüb.
Bu barədə Dövlət Tərcümə Mərkəzindən bildirilib.
Makvala Qonaşvili 1958-ci ildə Gürcüstanda anadan olub. 1981-ci ildə Gürcüstan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
“Buradan sənə qədər”, “Sözün düzü”, “Gümbəzdən Günəşin şəfəqi sızır”, “İbadətgahım, mənim and yerim”, “Günəşin göz yaşları” və “Lalələr tonqalı” kitablarının müəllifidir.
Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə və nəşr edilib.
O, İlia Çavçavadze, Anna Kalandadze, Qalaqtion Tabidze və Şota Rustaveli mükafatları laureatıdır.