TDU-da “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan guşəsi açılıb – FOTO

Noyabrın 28-də Tbilisi Dövlət Universitetində (TDU) “Tolerantlıq Günü”nə həsr olunmuş tədbiri keçirilib.

RealNews.ge xəbər verir ki, tədbir çərçivəsində ali təhsil ocağında Azərbaycan Guşəsi açılıb.

Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə açılan guşədə Azərbaycan xalqının milli mədəniyyət nümunələri – Borçalı xalçaları, mili musiqi alətləri, qədim əmək alətləri, paxlava, şəkərbura nümayiş etdirilib.

Tədbirdə universitetin professoru Nino Qvenetadze çıxış edərək “Tolerantlıq Günü”nün əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında iştirakçıları təbrik edib, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrindən danışıb. Bildirib ki, bu cür tədbirlərin təşkili və Gürcüstandakı milli azlıqların nümayəndələrinin burada öz milli mədəniyyətini nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edir.

“Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova çıxış edərək tədbirin təşkilatçılarına, o cümlədən guşənin açılmasında xüsusi xidmətləri olan mərkəzin sədri Leyla Əmrahovaya minnətdarlıq edib.  R.Hüseynova Universitetə öz əl işini hədiyyə edib.

Sonra digər çıxış edənlər “Tolerantlıq Günü” ilə bağlı fikirlərini bölüşüblər.

Sonda milli azlıqların nümayəndələri milli rəqslərini ifa ediblər.  Tbilisidəki “Ceyran” rəqs ansamblı Ay Laçın xalq mahnısını, eləcə də Üzeyir Hacıbəyovun Arşın Mal alan operettasından parçalar ifa ediblər.

Məlumat üçün onu da bildirək ki, tədbir çərçivəsində gürcü və erməni guşələri də açılıb.