Parlament sədri Ermənistan Respublikasına qeyri-rəsmi səfər edib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və parlament nümayəndə heyəti Ermənistan Respublikasına qeyri-rəsmi səfər edib.

Bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində Papuaşvili Ermənistanlı həmkarı Alen Simonyanla görüşüb. Şalva Papuaşvili və Alen Simonyan iki ölkə arasında mövcud əlaqələri, o cümlədən ticarət və xalqlararası əlaqələri nəzərdən keçiriblər. Onlar parlament əməkdaşlığının dərinləşdirilməsi üçün konkret təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəliblər.

Gürcüstan və Ermənistan parlamentlərinin sədrləri regional sülh və təhlükəsizlik məsələlərini və parlamentin sözügedən proseslərə cəlb olunması imkanlarını da müzakirə ediblər.

Alen Simonyan Gürcüstan parlamentinin sədrini Aİ üzvlüyünə namizəd statusu alması münasibətilə təbrik edib.

Qeyd edək ki, Gürcüstan parlamentinin nümayəndə heyətinə parlament sədrinin birinci müavini Giorgi Volski, xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze və Ermənistan parlamenti ilə dostluq qrupunun üzvü Anton Obolaşvili daxildir.