Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
Azərbaycanın Gürcüstandakı səfirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər planı hazırlayıb.
Belə ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri Tbilisinin yaxınlığındakı Poniçala (Soğanlıq) qəsəbəsində yerli ictimaiyyət nümayəndələri tərəfindən 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla anıblar.
Şəhidlərin ruhuna dualar oxunub.
Sonra səfir qəsəbə nümayəndələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Faiq Quliyev Azərbaycan ilə Gürcüstanın müstəqillik mübarizəsindən söz açıb, xarici imperiya qüvvələrinin xalqlarımızın qanı bahasına əldə olunmuş müstəqilliyə qarşı həyata keçirdiyi amansız qətliamlardan danışıb. Bildirib ki, həmin qüvvələr xalqlarımızın mübarizə əzmini qıra bilməyib, Azərbaycan və Gürcüstan öz müstəqilliklərini qoruyub saxlayıb, inkişaf etdirib.
Diplomat Gürcüstan Azərbaycanlılarının Azərbaycanın, eləcə də Gürcüstanın müstəqillik uğrunda mübarizələrdə rolunu xüsusi qeyd edib. Bildirib ki, 20 Yanvar faciəsi zamanı Gürcüstanəsilli 6 Azərbaycan vətəndaşı şəhid olub. Bundan başqa, Birinci və İkinci Qarabağ müharibələri, eləcə də 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri zamanı 23 soydaşımız şəhidlik zirvəsinə ucalıb.
Hər il Qanlı Yanvar faciəsi qurbanlarının ailələri ziyarət olunur, onlara lazımi diqqət və qayğı göstərilir.
Qəsəbə ziyalıları Azərbaycan dövlətinin şəhid və qazi ailələrinə, eləcə də Gürcüstan Azərbaycanlılarına göstərdiyi diqqət və qayğını, onların təhsil haqlarının ödənilməsini, Gürcüstanın müxtəlif bölgələrində məktəblərin, idman, mədəniyyət mərkəzlərinin, uşaq bağçalarının tikintisini, təmir və bərpasını yüksək qiymətləndirib, bunlara görə minnətdarlıqlarını bildiriblər.
Səfir görüş zamanı səslənən təkliflərin nəzərə alınacağını qeyd edib.