Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb – FOTO

Gürcüstan Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bu barədə baş nazir İrakli Qaribaşvili Ermənistanın baş naziri Nikol Paşinyanla Tbilisidə keçirilən görüşdən sonra bildirib.

O, Gürcüstan və Ermənistanın həmişə strateji dost və tərəfdaş olduqlarını, bu reallığın bu gün rəsmiləşdirildiyini qeyd edib: “Bizim baş nazirlə çox yaxşı görüşümüz oldu, iki ölkə arasında mövcud əlaqələr, tərəfdaşlıq, bütün istiqamətlərdə əməkdaşlıqla bağlı mühüm məsələləri müzakirə etdik. Həmçinin, İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 13-cü iclası keçirildi, burada da ticarət, iqtisadiyyat və ümumilikdə münasibətlərlə bağlı mühüm məsələləri müzakirə etdik. Məmnuniyyətlə qeyd etmək istərdim ki, ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir, ticarət dövriyyəsi bir milyard dollara çatıb. Ermənistan Gürcüstan üçün 6-cı ticarət tərəfdaşı olmaqla yanaşı, ikinci ixrac ölkəsidir ki, bu da bizim üçün çox xoşdur. Ötən il Ermənistandan bizə bir milyona yaxın turist və qonaq gəlib ki, bu da ölkəmizin iqtisadi inkişafı üçün vacibdir. Ötən aylarda üzərində işlədiyimiz bugünkü qərarı xüsusilə qeyd etmək istərdim. Hələ yayda biz elan etmişdik ki, strateji əməkdaşlıq haqqında memorandum imzalayacağıq. Biz təbii ki, ənənəvi, tarixən güclü müttəfiqik, dostuq, təkcə qonşu deyilik. Bizim yaxşı tərəfdaşlığımız, bütün istiqamətlərdə əməkdaşlığımız var. Bu gün bu fakt artıq rəsmiləşib və biz rəsmi olaraq strateji tərəfdaşlıq haqqında əməkdaşlıq müqaviləsini imzalamışıq. Onu da qeyd etmək istərdim ki, biz erməni həmkarlarımıza minnətdarıq. Hər iki hökumət ticarət-iqtisadi əlaqələrimizi daha da inkişaf etdirməyə hazırdır”.

Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında sülhə töhfə verməyə hazırdır: “Biz hər zaman bütün region ölkələrinin və xalqlarının xeyrinə olacaq davamlı sülhün bərqərar olmasına töhfə verməyə hazır olmuşuq. Biz Azərbaycan və Ermənistan arasında davam edən dialoqa böyük nikbinliklə baxırıq. Ümid edirəm ki, ölkələr tezliklə sülh sazişi imzalayacaqlar. Bu razılaşma, şübhəsiz ki, regionda sülhü möhkəmləndirəcək”, – deyə İrakli Qaribaşvili bildirib.