Məhəbbət İmanov: Aksiya AŞPA-nın qərəzli mövqeyinə və erməni yalanlarına son qoyulması tələbi ilə təşkil edilib
Bu gün paytaxt Tbilisidə “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) Tbilisi ofisinin önündə “Ayrı-seçkiliyə və ikili standartlara son!” tələbi ilə yürüş aksiyası keçirilib.
Aksiyada “Erməni terroruna son!”, “Ekoloji terrora son!”, “Xocalıya Ədalət”, “Mina Terroruna Son”, “Ayrı-seçkiliyə və ikili standarta yox”, “Azərbaycan icması sülh və sabitlik tərəfdarıdır” və digər şüarlar səsəndirilib.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov bildirib ki, aksiya AŞPA-nın qərəzli mövqeyinə və erməni yalanlarına son qoyulması tələbi ilə təşkil edilib.
AŞPA-nın Azərbaycanla bağlı son qərarı bütün dünya azərbaycanlıları kimi, Gürcüstanda yaşayan soydaşlarımızın da ciddi etirazına səbəb olub. Azərbaycana qarşı ikili standartlardan çıxış edən AŞPA-nın bu qərarının heç bir hüquqi əsası yoxdur. Dünya azərbaycanlıları və Gürcüstanda yaşayan soydaşlarımız da bunu yaxşı başa düşürlər. Ona görə də əsas məqsəd belə tədbirlər vasitəsilə AŞPA-nı düzgün yola dəvət etməklə yanaşı, avropalıları, xüsusilə də Fransa kimi dövlətləri Azərbaycanın qarşısında maneə olmaqdan çəkinməyə çağırmaqdır.
Aksiyada “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin (GAİM), Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin, Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin və “Alyans” Gənclər Mərkəzinin rəhbərliyi yüksək səviyyədə dəstək olub və iştirak ediblər.