Qardabani Təhsil və İnteqrasiya Mərkəzində yerli icma nümayəndələri və ziyalılarla görüş keçirilib – FOTO
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində yerli icma nümayəndələri və ziyalılarla görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri, Azərbaycan dövlətinin Gürcüstan azərbaycanlılarına diqqət və qayğısı, tələbə gənclərin təhsili və s. məsələlər diqqət mərkəzində olub.
Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin təsisçilərindən Raul Əliyev çıxış edərək bildirib ki, Gürcüstan azərbaycanlıları ilə bağlı əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycanlılar böyük nəticələr əldə edirlər. Qeyd edib ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi İlham Əliyevin müəyyən etdiyi siyasəti uğurla həyata keçirir. Qardabani Təhsil və İnteqrasiya Mərkəzi də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə yaradılıb və fəaliyyət göstərir.
Mərkəzin icraçı direktoru Çiçək Hüseynovanın sözlərinə görə, qısa bir müddət ərzində mərkəz yerli ictimaiyyətin diqqətini cəlb edib və nüfuz qazanıb. Bu gün mərkəzdə 600-ə yaxın şagird və gənc qeydiyyatdadır. Hazırda onların 360-ı mərkəzdə Azərbaycan, ingilis və gürcü dilləri, riyaziyyat, məntiq fənləri, eləcə də rəsm, musiqi və digər ixtisaslar üzrə ödənişsiz təhsil alırlar.
Sonra tarixçi, müəllim Əvəzxan İsayev, filoloq Növrəstə Məhərrəmqızı, tarix müəllimi Sahib Mustafayev, Kəpənəkçi kənd məktəbinin direktoru Nəsib Nəsibov, ziyalı Elman Mirzəyev və başqaları çıxış edərək Azərbaycan dövlətinin Gürcüstan Azərbaycanlılarına göstərdiyi diqqət və qayğıdan danışıblar.
Azərbaycan dövləti tərəfindən Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təhsil haqlarının ödənilməsi, tədris prosesi Azərbaycan dilində aparılan məktəblərin dərs və metodik vəsaitlərlə təmin edilməsi yüksək qiymətləndirilib.
Sonda Mərkəzin müəllim və şagirdlərinə göstərdikləri fəallıqlara görə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnaməsi təqdim olunub.