Tbilisidə iftar məclisi təşkil edilib

Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) birgə təşkilatçılığı ilə Tbilisidə iftar məclisi təşkil edilib.

Tədbir müqəddəs Qurani-Kərim ayələrinin və iftar duasının oxunması ilə açılıb.

Mərasimdə səfirliyin əməkdaşları, azərbaycanlı iş adamları, Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanın səfirləri, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanın dövlət və hökumət rəsmiləri, dini icmaların rəhbərləri və üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev 11 ayın sultanı olan Ramazanın ehtiva etdiyi nəcib mənalarından danışıb, bu ay ərzində ədalət, saf niyyətlər və nəfsin paklaşdırılması ətrafında insanların birləşməli olduğunu qeyd edib.

İftar məclisində müsəlman və xristian dinini təmsil edən simaların dostcasına, qarşılıqlı hörmət və rəğbət əsasında toplaşması ölkələrimiz və xalqlarımız arasında tarixən formalaşmış sarsılmaz dostluq və qardaşlıq tellərinin bariz nümunəsi olduğunu vurğulayıb.

Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxışında təmsil etdiyi qurum və şəxsən öz adından ölkənin müsəlman icmasını Ramazan bayramı münasibətilə təbrik edib. O, başçılıq etdiyi Agentliyin həm ölkə daxilində, həm də qonşu ölkələrlə münasibətlərdə həmişə dinlərarası harmoniyanın təşviq edilməsinə çalışdığını söyləyib.

Agentlik sədri deyib ki, Azərbaycan tərəfi ilə birgə keçirilən tədbirlər Avropa dövlətlərinin nümayəndələri tərəfindən də yüksək qiymətləndirilib. Onun sözlərinə görə, ölkələrimiz arasındakı əməkdaşlıq təkcə bizim xalqlarımızın deyil, regionun stabilliyi və inkişafında mühüm əhəmiyyət kəsb edir.

AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov çıxışında Ramazan dəyərlərinin müasir dünyanın şəraitinə uyğun olaraq birgə təbliğ edilməsinin və bu sahədə bölgəmizdə olan təcrübənin dünya miqyasında örnək ola biləcəyini qeyd edib.