ABŞ Nümayəndələr Palatası Ukraynaya hərbi yardımı təsdiqləyib
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya təhvil verilməsini, həmçinin Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsini özündə ehtiva edən hərtərəfli qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilməsi üçün lazımi sayda səs toplayıb. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.
Qanun layihəsinə görə, ABŞ Ukraynaya yardım üçün 61 milyard dollar ayıracaq, İsrail 26 milyard dollar, o cümlədən 9,1 milyard dolları humanitar ehtiyaclar üçün alacaq, daha 8,12 milyard dollar isə Hind-Sakit okean regionuna gedəcək. Bundan əlavə, qanun layihəsində Rusiyanın aktivlərinin müsadirəsi, o cümlədən suveren aktivlərin çıxarılmasının qadağan edilməsi, dondurulmuş aktivlərdən istifadə etməklə Ukraynaya kompensasiyanın ödənilməsi səlahiyyətləri və aktivlərin Ukraynanın bərpası üçün istifadə edilməsi ilə bağlı müddəalar var. 360 konqresmen qanun layihəsinin lehinə, 58-i əleyhinə səs verib.
Qanun layihəsində Rusiya, Çin, İrana qarşı yeni məhdudiyyətlərin tətbiqinin mümkünlüyü və özəl Çin şirkəti “ByteDance”ə məxsus “TikTok” sosial şəbəkəsinə qadağa ilə bağlı müddəalar da daxildir.