Azərbaycan Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri
Azərbaycan Dövlət Tərcümə Mərkəzi “Gürcüstan poeziyası günləri” çərçivəsində müasir gürcü poeziyasının tanınmış simaları David Şemokmedelinin “Astananın iki üzü”, Makvala Qonaşvilinin “Min ikinci gecə” və Bela Keburianın “Sayrışan şəfəqlər” kitablarının təqdimat mərasimini keçirib.
RealNews.ge AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin İdarə Heyətinin sədri, Azərbaycanın Xalq yazıçısı Afaq Məsud son illər Azərbaycan-Gürcüstan ədəbi əlaqə və mübadilələr istiqamətində həyata keçirilən tərcümə və nəşr layihələrindən danışıb.
Sonra Mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri, yazıçı-tərcüməçi Yaşar Əliyev, Mərkəzin Elm, təhsil, mədəniyyət idarəsinin rəisi, yazıçı-tərcüməçi Etimad Başkeçid, şair-tərcüməçi Mahir Qarayev, şair-tərcüməçi İmir Məmmədli və Gürcüstanın Azərbaycandakı səfirliyinin baş müşaviri Avtandil Napetvaridze çıxış edərək son illər Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafından, Dövlət Tərcümə Mərkəzinin Gürcüstan Yazıçılar Birliyi, Rustaveli Cəmiyyəti, Batumi Yazıçılar Evi, “Merani” və “İverioni” nəşriyyatları ilə birgə həyata keçirdiyi layihələrdən, Azərbaycan ədəbiyyatının Gürcüstanda, gürcü ədəbiyyatının Azərbaycanda tanıdılması və təbliği istiqamətində görülən işlərdən danışıblar.
Gürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, şair David Şemokmedeli deyib: “Mərkəzdə yüksək səviyyədə təşkil olunan “Gürcü poeziyası günləri” bizim ədəbiyyatımıza göstərilən ali mənəvi dəstəkdir ki, onun da əhəmiyyəti və dəyəri zaman-zaman artacaq, bugünkü və gələcək azərbaycanlı oxucular bu kitablar vasitəsilə gürcü poetik ruhunun mənzərəsi ilə tanışlıq imkanı qazanacaqlar”.
Tədbirin sonunda şairlərin imza mərasimi keçirilib.