Baş nazir Parlamentin heç bir üzvünə ABŞ-dan viza məhdudiyyətləri ilə bağlı bildiriş gəlmədiyini bildirib
“Xarici təsir haqqında” qanunu dəstəkləyən Gürcüstan parlamentinin heç bir üzvü ABŞ-dan viza məhdudiyyətləri ilə bağlı bildiriş almayıb.
Bu barədə Baş nazir İrakli Kobaxidze bildirib.
O deyib ki, adlar göstərilmədən viza məhdudiyyətlərinin tətbiq edilməsi tərəfdaşlığın ruhuna uyğun gəlmir: “Amerika Birləşmiş Ştatları buna sanksiya adını vermirlər, bu viza məhdudiyyətləridir. Əslində, bu viza məhdudiyyətləri soyadların açıqlanmadan tətbiq edilib və biz yoxladıq, bu günə qədər heç bir deputata viza məhdudiyyətlərinin tətbiqi barədə bildiriş gəlməyib. Buna görə də, müxalifətdə yaranmış bu ajiotaj tamamilə şişirdilib.
Açıqlandığı qərar isə Gürcüstan dövləti və cəmiyyəti üçün təhqiredicidir. Çünki tərəfdaş ölkə ilə belə danışmaq olmaz, amma bu qərarın praktiki əhəmiyyətinə gəldikdə, praktiki əhəmiyyət əslində sıfırdır. Soyadları açıqlanmadan viza məhdudiyyətləri tətbiq edildikdə bunun tək bir təsiri ola bilər: digər dövlətə qarşı hörmətsizlik. Bu, tərəfdaşlıq ruhuna uyğun deyil, amma gələcəkdə tərəfdaşlıq münasibətlərini gücləndirmək üçün hər şeyi etməliyik. Bu bizim arzumuzdur. Mən bir daha hazırkı səfirə olan hörmətimi ifadə etmək istəyirəm, onun fəaliyyəti əvvəlki səfirin fəaliyyətindən keyfiyyətcə fərqlidir”, – deyə baş nazir qeyd edib.