XİN başçıları Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatını müzakirə ediblər

Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatını müzakirə edib.

Bunu xarici işlər naziri İliya Darçiaşvili Azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O, həmkarı ilə üçtərəfli formatda gələcək əməkdaşlıq planlarının müzakirə edildiyini qeyd edib:

“Biz nəqliyyat və energetika sahələrində əməkdaşlığı, Orta Dəhlizin əhəmiyyətini müzakirə etdik. Azərbaycan Respublikası bizim üçün yalnız yaxşı dost deyil, həm də strateji tərəfdaşdır. Birgə səylərimizlə bir sıra strateji əhəmiyyətli layihələr həyata keçirmişik. Bu layihələr regionumuzun mövqeyini gücləndirib. Əminəm ki, gələcəkdə də bu layihələr sayəsində regionun cazibədarlığı artacaq”.

Darçiaşvili həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin müzakirə edildiyini vurğulayıb.