Tbilisidə Arif Əliyevə həsr olunmuş anım tədbiri keçirilib – FOTO

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə M.F.Axundov adına Azərbaycan Mədəniyyət muzeyində Arif Əliyevin 65 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə Mərkəzdən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia ” şirkətinin baş direktoru Mahir Məmmədov və digərləri çıxış edərək Arif Əliyev haqqında xatirələrini bölüşüblər.

Sonda Arif Əliyevin bacısı Fatma Əliyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Tədbirdə ziyalılar, gənclər və QHT rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Arif Əliyev 1959-cu il iyul ayının 25-də Bolnisi rayonunun Faxralı kəndində ziyalı ailəsində anadan olub. “Gürcüstan Neft və Qazçıxarma” idarəsində aparıcı mütəxəssis qismində ilk əmək fəaliyyətinə başlayan Arif Əliyev 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyində əmək fəaliyyətini davam etdirib. O, burada sosial layihələrə rəhbərlik edib və qısa müddətdə burada böyük hörmət və nüfuz qazanıb. Onun təşəbbüsü və birbaşa rəhbərliyi ilə Gürcüstanın müxtəlif bölgələrində sosial yönümlü çoxsaylı layihələr həyata keçirilib. Arif Əliyev ömrünün sonuna kimi SOCAR-ın Gürcüstan nümayəndəliyində çalışıb.