Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib

Avqustun 2-də Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi avqustun 7-dək davam edəcək. Düşərgədə 60 ölkədən olan 115 gənc, o cümlədən azərbaycanlılar və Azərbaycana dost münasibət bəsləyən digər xalqların nümayəndələri iştirak edirlər. Düşərgə iştirakçıları bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərin, həmçinin müxtəlif sahələr üzrə ekspertlər ilə görüşmək, maraqlı panel və seminarlarda iştirak etmək, eləcə də əylənmək və intellektual oyunlar oynamaq imkanı qazanacaqlar.

Bununla yanaşı, düşərgə müddətində gənclərin “İslimi” xalçaçılıq mərkəzinə, “Gilabi Ceramics” mərkəzinə, Həkəri Balıq Təsərrüfatına, “Hoçazfilm” yaradıcılıq studiyasına, Zabux kəndinə, Şuşaya və Qarabağın bir sıra digər şəhərlərinə səfərlərinin təşkili nəzərdə tutulur. Yay düşərgələri xaricdəki yeni nəsil azərbaycanlıların ölkə ilə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları və digər amillər üçün gözəl fürsətdir. Düşərgədə Azərbaycan dilində ünsiyyət bacarığı olan 18-29 yaşlı gənclər iştirak edirlər. Düşərgədə iştirak xərcləri tam şəkildə ödənilir.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə indiyədək diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində dörd yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yüzlərlə gənc həmin düşərgələrdə iştirak edib.