Gürcüstan və Ermənistan Baş nazirlərinin müzakirə etdiyi məsələlər açıqlanıb

Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisiyə rəsmi səfəri çərçivəsində həmkarı İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib.

Tərəflər regionda mövcud dinamikanı, iki ölkə arasında əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə ediblər. Hökumət administrasiyasının məlumatına görə, görüşdə Gürcüstanın Cənubi Qafqazda dinc birgəyaşayışı qətiyyətlə dəstəklədiyi qeyd olunub. Bu xüsusda regiondakı çağırışların həlli prosesində birgə səylərin vacibliyi vurğulanıb.

“Gürcüstan regionda sülhün və sabitliyin təmin olunması üçün gələcəkdə də müsbət rol oynamağa hazırdır”, – məlumatda qeyd olunub.

Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Tərəflər birbaşa xarici investisiyaların cəlb edilməsi, enerji, nəqliyyat, turizm, rabitə və informasiya texnologiyaları sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.