TƏCİLİ: Dövlət Təhlükəsizlik Xidməti əhaliyə xəbərdarlıq edir

“Dövlət təhlükəsizliyi və vətəndaşların dinc birgəyaşayış maraqlarından irəli gələrək, ictimaiyyətə bildirmək istəyirik ki, əldə edilmiş məlumata əsasən, siyasi dairələrlə əlaqəli qruplar, Gürcüstanda yaxınlaşan parlament seçkiləri ərəfəsində süni intellekt və digər müasir texnologiyalar vasitəsilə montaj edilmiş, saxta video və audio yazıların yayılmasını planlaşdırırlar.”

Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd edilib.

“Həmin saxta yazılarda Gürcüstan hakimiyyətinin nümayəndələrinin səsləri və video görüntüləri istifadə ediləcək. Bu saxta məlumatların yayılmasının məqsədi hakimiyyətin qolları arasında qarşıdurma yaratmaq, həmçinin hakimiyyət və Pravoslav kilsəsi arasında nifaq salmaq və hakimiyyətlə qərbli tərəfdaşlar arasında münasibətlərin pisləşdirilməsinə çalışmaqdır.

Yalan məlumatlar nəticəsində əldə edilən informasiya materiallarını yayanlar, yaratdıqları saxta yazıları ictimaiyyətə dövlət təhlükəsizlik xidmətindən sızmış məlumat kimi təqdim edəcəklər və bu hərəkətlə, bir tərəfdən dövlət xidmətinin nüfuzdan salınmasına, digər tərəfdən isə hakimiyyət qolları arasında uyğunsuzluq yaratmağa çalışacaqlar. Bu təxribatın əsas məqsədi isə süni şəkildə etiraz dalğası yaratmaq, ölkədə qeyri-sabitlik ocaqları meydana gətirmək və bu vəziyyətdən siyasi məqsədlər üçün istifadə etməkdir.

Biz həmin qrupların fəaliyyətini diqqətlə izləyirik və hər hansı qanun pozuntusu halında qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçiriləcəkdir.” – deyə məlumatda vurğulanıb.