“Maarif” təşkilatının rəhbəri Ələddin Qarabağlı dünyasını dəyişib

Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının rəhbəri Ələddin Qarabağlı dünyasını dəyişib. Ələddin Qarabağlı təşkilatın ofisində baş verən yanğın nəticəsində ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Ofisdə yanğının qaz partlaması nəticəsndə baş verdiyi ehtimal olunur.

Ələddin Qarabağlı Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. Ali təhsilini Gəncə Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində alıb. O, Ağtəhlə, Qaratəhlə kəndlərində müəllim, dərs-hissə müdiri, uzun müddət məktəb direktoru  işləyib. 2001-ci ildə “Maarif” qəzetini, azyaşlı soydaşlarımız üçün isə “Tumurcuq” uşaq qəzetini təsis edib.

Ələddin Qarabağlı 2023-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi çoxşaxəli fəaliyyətilə yaddaşlarda iz qoyan Ələddin Qarabağlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Komitə mərhumun ailəsinə lazım olan dəstəyi göstərəcəyi ilə bağlı məlumat da yayıb.