İsvahan Əliyev WMO-nun Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin olunub

Gürcüstanın aparıcı döyüş idmanı təşkilatlarından biri olan Imperium Championship öz beynəlxalq fəaliyyətini daha da genişləndirir.

Məlum olduğu kimi, Imperium Championship təşkilatının keçirdiyi yarışlarda yerli və xarici idmançılar dünya və Avropa titulları uğrunda mübarizə aparırlar. Təşkilatın əsas məqsədlərindən biri Gürcüstanda döyüş idmanlarının inkişafına dəstək olmaq və Gürcüstanlı idmançılara beynəlxalq səviyyədə böyük imkanlar yaratmaqdır.

Bu istiqamətdə daha bir mühüm addım atılıb. Imperium Championship artıq Muaythai dünyasının aparıcı beynəlxalq federasiyalarından biri olan World Muaythai Organization (WMO) ilə rəsmi əməkdaşlıq və Gürcüstan üzrə nümayəndəlik hüququ əldə edib.

Bu əməkdaşlıq Gürcüstan Muaythai idmançıları üçün yeni imkanlar yaradacaq. Bundan sonra beynəlxalq səviyyəli WMO titulları uğrunda mübarizələrin Gürcüstanda keçirilməsi və yerli idmançıların dünya səviyyəsində tanınan titullar uğrunda öz ölkələrində mübarizə aparması üçün daha geniş imkanlar yaranacaq.

Imperium Championship-in təsisçilərindən Kənan Bayramov yeni əməkdaşlıqla bağlı açıqlamasında bildirib:

“Biz Imperium Championship olaraq Gürcüstan idmanına və Gürcüstanlı idmançılara dünya səviyyəsində uğurlar qazandırmağı qarşıya məqsəd qoymuşuq. Xarici ölkələrdə dünya ulduzlarının yetişdiyi və dünya çempionlarının formalaşdığı kimi, Gürcüstanda da yeni idman ulduzlarının parlamasını istəyirik.

Kickboksinq və Muaythai üzrə dünya çempionu olmaq hər bir idmançının arzularından biridir. Artıq idmançılarımızın yalnız bu titullar uğrunda mübarizə aparmaq üçün xarici ölkələrə getməsinə ehtiyac qalmayacaq. Biz dünya səviyyəli federasiyalarla rəsmi əməkdaşlıqlar quraraq bu titulları Gürcüstana gətirməyə və Imperium Championship platformasında idmançılara həmin titullar uğrunda mübarizə aparmaq imkanı yaratmağa çalışacağıq.

Məqsədimiz yalnız yarış təşkil etmək deyil, Gürcüstandan dünya səviyyəli çempionlar yetişdirməkdir.”

WMO ilə əldə olunan razılaşma artıq rəsmiləşdirilib. Eyni zamanda, Imperium Championship-in təsisçilərindən İsvahan Əliyev World Muaythai Organization-un Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin olunub.

Bu yeni əməkdaşlığın Gürcüstanda Muaythai idmanının inkişafına, yerli idmançıların beynəlxalq arenaya çıxışına və ölkədə dünya səviyyəli titullar uğrunda yarışların keçirilməsinə mühüm töhfə verməsi gözlənilir.

Bizi WhatsApp – da izləyin.