Levan Axobadzenin həbs qətimkan tədbiri girovla əvəzləndi
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş müavini, korrupsiya cinayətində ittiham olunan Levan Axobadze 500 min lari girov qarşılığında məhkəmə zalından azadlığa buraxılıb.
Qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Taraşvili qəbul edib.
Axobadzenin barəsində seçilmiş həbs qətimkan tədbirinin girovla əvəzlənməsi barədə vəsatəti müdafiə tərəfi qaldırıb. Prokurorluq isə vəsatəti dəstəkləyib.
Məhkəmənin qərarına əsasən, Levan Axobadzeyə hökm elan edilənədək ölkəni tərk etmək qadağan olunub.
Axobadze məhkəmədən çıxarkən mediaya açıqlama verməyib.
Qeyd edək ki, DTX-nın keçmiş müavini Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi tərəfindən saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.
İstintaqın məlumatına görə, Axobadze vasitəçilər vasitəsilə sahibkara pulunun geri qaytarılmasına kömək edəcəyini vəd edib. Bunun müqabilində 500 min lari rüşvət tələb edib, lakin sonradan 250 min lari məbləğində razılıq əldə olunub.
Levan Axobadzeyə Cinayət Məcəlləsinin 338-ci maddəsinin 3-cü hissəsinin “e” bəndi ilə ittiham irəli sürülüb. Sözügedən maddə xüsusilə külli miqdarda rüşvətin tələb və alınmasına görə 11 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.