Yəmən hökuməti Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiyini açıqlayıb

Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar. Bununla belə, ətraf ərazilərdə husilərlə döyüşlərin davam etdiyi bildirilir.

Bu barədə “Reuters” məlumat yayıb.

Yəmənin informasiya naziri Moammar əl-İryani bildirib ki, hökumət qüvvələri strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazına nəzarəti təmin edib. Onun sözlərinə görə, bölgədə husilərlə toqquşmalar davam edir.

Məlumata əsasən, Yəmən hökumət qüvvələri Səudiyyə Ərəbistanının hava qüvvələrinin dəstəyi ilə Dubab rayonunda strateji mövqeləri ələ keçirib.

Husilər isə hökumət qüvvələrinin irəliləməsi ilə bağlı yayılan məlumatları təkzib edərək, bunu “tamamilə yalan” adlandırıblar.

Bununla yanaşı, Yəmən hökumətinə yaxın mənbələr “Reuters”ə bildiriblər ki, husilər Taiz şəhəri yaxınlığında dağlıq ərazidəki bəzi yolları nəzarətə götürərək hökumət qüvvələrini mühasirəyə alıblar.

Qeyd edək ki, ABŞ-İran münaqişəsi fonunda Yəməndə vətəndaş müharibəsi yenidən intensiv döyüşlərlə davam edir. Husilər bir neçə həftədir Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməyə çalışır, həmçinin Səudiyyə Ərəbistanının şəhərlərinə və neft infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirirlər.

Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti oktyabrın 4-də nəzarətdən çıxmış ərazilərin geri qaytarılması məqsədilə genişmiqyaslı hücuma başladığını açıqlayıb.

Yəmən Prezidenti Rəşad əl-Əlimi isə ölkənin “terror qruplaşmasının nəzarətindən” azad ediləcəyinə qədər mübarizənin davam etdiriləcəyini bildirib.

Bizi WhatsApp – da izləyin.