Poniçalada partlayış baş verən binanın uçma təhlükəsi var – Dağıntılar altında 7 nəfər qalıb

Səhər saatlarında Poniçalada partlayış baş verən binanın uçma təhlükəsi realdır.

Bu barədə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili baş verən partlayışın olduğu ərazidə jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, partlayışın səbəbi və baş verdiyi mənbə müəyyən edilib.

O bildirib ki, hadisə yerində Daxili İşlər Nazirliyinin bütün müvafiq bölmələri və bələdiyyə xidmətləri fəaliyyət göstərir. Hazırda xilasetmə əməliyyatları davam etdirilir.

Nazirin açıqlamasına əsasən, indiyədək dağıntılar altından 4 nəfər çıxarılaraq tibb müəssisələrinə yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. Bununla belə, xəsarət alanların hamısının huşu özündədir. Dağıntılar altında isə 7 nəfər, o cümlədən 3 azyaşlı qalıb.

Sulxan Tamazaşvili qeyd edib ki, təxminən yarım saat əvvəl binanın istinad divarlarından biri əyilib. Bu səbəbdən binanın ön hissəsində xilasetmə işləri müvəqqəti dayandırılıb, xilasedicilər hazırda arxa tərəfdən əməliyyatları davam etdirirlər. Nazir binanın uçma təhlükəsinin real olduğunu vurğulayıb.

Partlayışın səbəbinə gəlincə, nazir hadisənin qaz sızması nəticəsində baş verdiyini bildirib. Onun sözlərinə görə, beşinci mərtəbədə yaşayan sakin səhər saatlarında qazla işləyən qızdırıcını işə salmağa cəhd edərkən partlayış baş verib. Sakin gecə qızdırıcını işə saldığını, daha sonra söndürdüyünü və səhər yenidən yandırmaq istəyərkən partlayışın baş verdiyini bildirib.