Gürcüstan XİN-dən Avropa Parlamentinin qətnaməsinə etiraz

Gürcüstan Xarici İşlər Nazirliyi Avropa Parlamentinin ölkə ilə bağlı qəbul etdiyi yeni qətnaməni yanlış məlumatlara əsaslanan və ikitərəfli münasibətlərə zərər vuran sənəd kimi qiymətləndirib.

Məsələ Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili ilə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbəri Pavel Herçinski arasında keçirilən görüşdə müzakirə olunub.

Gürcüstan XİN-in məlumatına görə, Zurabaşvili Avropa Parlamentində Gürcüstanla bağlı keçirilən debatlara və noyabrın 26-da qəbul edilən qətnaməyə etirazını bildirib:

“Paata Burçuladzenin işi və ‘Gürcü Arzusu’ hökuməti dövründə siyasi məhbuslar” adlı qətnamə 441 lehinə, 47 əleyhinə səslə qəbul edilib, 86 deputat isə bitərəf qalıb. Sənəddə opera müğənnisi Paata Burçuladzenin, müxalif siyasətçilər İrakli Nadiradze və Paata Mancladzenin, eləcə də siyasi məhbus hesab edilən digər şəxslərin azadlığa buraxılması tələb olunub. Qətnamədə Gürcüstan rəsmilərinə qarşı məqsədli sanksiyaların tətbiqinə də çağırış edilib.

Gürcüstan XİN-in açıqlamasında qeyd olunub ki, Zurabaşvili Avropa Komissiyası nümayəndəsinin bəyanatına da münasibət bildirib və Aİ-nin “özbaşına saxlanılan” hesab etdiyi şəxslərin ad və soyadlarının açıqlanmasını tələb edib.

Nazir müavini bildirib ki, Gürcüstan tərəfinin çoxsaylı müraciətlərinə baxmayaraq, Avropa İttifaqı indiyədək həmin şəxslərlə bağlı konkret məlumat təqdim etməyib. XİN hesab edir ki, məsələ ilə bağlı hüquqi qiymətləndirmə Gürcüstan məhkəmələrinin qərarları əsasında aparılmalıdır.

Görüş zamanı Gürcüstan tərəfi ölkənin Avropa İttifaqına üzvlük prosesinə sadiqliyini bir daha vurğulayıb və Tbilisi ilə Brüssel arasında açıq dialoqun vacibliyini qeyd edib.

Qeyd edək ki, Avropa Parlamentinin qətnaməsində Gürcüstanda siyasi məhbuslar, məhkəmə prosesləri, eləcə də fundamental hüquq və azadlıqlarla bağlı narahatlıqlar əksini tapıb. Sənəd Avropa Parlamentinin siyasi mövqeyini ifadə edir.

Bizi WhatsApp – da izləyin.