ABŞ bir neçə yüksək vəzifəli gürcü hakimə sanksiya tətbiq edib

ABŞ Dövlət Departamenti Gürcüstanın dörd yüksək vəzifəli hakiminə sanksiya tətbiq edib.

Bu barədə ABŞ-ın ölkəmizdəki Səfirliyi məlumat yayıb.

Bildirilib ki, departament hakimlər – Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şengelia və Valerian Tsertsvadzeyə korrupsiya fəaliyyətlərində iştirak etdiklərinə görə sanksiya tətbiq edib.

Qərara əsasən sözügedən hakimlərin və onların birinci dərəcəli ailə üzvlərinin ABŞ-a girişi qadağan edilib.

Açıqlamada bildirilib ki, adıçəkilən şəxslər məhkəmə sədrləri və Gürcüstanın Ali Ədliyyə Şurasının üzvləridirlər və onlar vəzifələrindən sui istifadə edərək qanunun aliliyinə, Gürcüstanda ictimaiyyətin məhkəmə sisteminə olan inamına xələl gətiriblər.

“ABŞ demokratiyanın dəstəklənməsi və qanunun aliliyi ilə bağlı gürcülərin yanındadır və cavabdehliyin təşviqi üçün ictimai vəzifəsindən şəxsi mənfətləri naminə sui-istifadə edənlərin ifşasına davam edəcək. Biz tərəfsiz və müstəqil fəaliyyət göstərən bütün dürüst və cəsarətli hakimlərin yanındayıq”, – deyə bəyanatda bildirilib.