Fuad Muradov Azərbaycan evlərinin fəaliyyətindən danışıb

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xarici ölkələrdəki Azərbaycan evlərinin fəaliyyəti, yenilərinin açılması, erməni diasporunun fəallıq təşkil etdiyi Fransa və ABŞ kimi ölkələrdə Azərbaycan əleyhinə təbliğatlara qarşı hansı işlərin görüldüyü və rəhbərlik etdiyi qurumun fəaliyyət mexanizmi ilə bağlı sualları cavablandırıb.

RealNews.ge xəbər verir ki, bu barədə komitə sədri Report-a verdiyi müsahibəsində danışıb.

O, müsahibəsində Gürcüstanda fəaliyyət göstərən Azərbaycan evlərinə də diqqət çəkib:

“Bəli, Azərbaycan evlərinin fəaliyyətində müəyyən dönüş yaratmaq istəyirik. Daha çox Azərbaycan evinin açılmasını planlaşdırırıq. Artıq bir neçə ölkədə bu prosesin icrasını başa çatdırmışıq. Yaxın zamanda Çexiya və İraqda Azərbaycan evi açmağı planlaşdırırıq. Bu istiqamətdə bir neçə ölkə ilə də müzakirə aparılır. Həmçinin bəzi Azərbaycan evlərini də təkmilləşdirəcəyik. Bəzi ölkələrdəki müsbət təcrübəmizi biz digər ölkələrə daşıyırıq. Məsələn, Gürcüstanda 21 kateqoriya üzrə Azərbaycan evi fəaliyyət göstərir. Bunların içərisində hüquqi yardım da var. Amma elə ölkələr var ki, orada buna ehtiyac yoxdur, ona görə tətbiq etmirik. Erməni diasporuna gəldikdə isə onların son illərdəki fəaliyyətinə baxsanız, görərsiniz ki, bizim tədbirlərimizi birəbir təkrarlayırlar”, – deyə Fuad Muradov bildirib.

O həmçinin qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi hansısa yeni bir təşkilatın yaranması ilə məşğul olmur. Komitə təşəbbüsləri dəstəkləyir və əgər insanlar təşkilatlanmaq istəyirlərsə, onlara təşkilatlandıqdan sonra dəstək göstərilir.