Putin: Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 200 milyard dolları ötüb

Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə ikitərəfli görüşü zamanı iki ölkə arasında xarici siyasət tərəfdaşlığının beynəlxalq arenada sabit və müsbət təsir göstərdiyini bildirib.

Putinin sözlərinə görə, mürəkkəb geosiyasi şəraitə baxmayaraq, Moskva və Pekin daha ədalətli və çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində konstruktiv yanaşmanı qoruyub saxlayırlar.

“Rusiya-Çin siyasi tərəfdaşlığı sabit və müsbət şəkildə fəaliyyət göstərir. Mürəkkəb geosiyasi vəziyyətdə daha ədalətli və çoxqütblü dünya nizamının formalaşdırılması prosesində konstruktiv yanaşmamızı qoruyub saxlayırıq”, – deyə Putin bildirib.

Rusiya Prezidenti iki ölkə arasında ticarət dövriyyəsinə də toxunub:

“Ölkələrimiz arasında ikitərəfli ticarət dövriyyəsi 200 milyard dolları ötüb. Bu, qarşıya qoyduğumuz məqsəd idi. Görünür, bu il həmin göstəriciyə nəinki yenidən nail olacağıq, həm də ticarət dövriyyəsinin artımında müsbət dinamika müşahidə edəcəyik”, – deyə Vladimir Putin qeyd edib.

Çin lideri Si Cinpin isə iki ölkə arasındakı münasibətlərin “dağ kimi möhkəm” olduğunu bildirib:

“Cənab Prezidentin və mənim qətiyyətli rəhbərliyimiz altında Çin-Rusiya münasibətləri dağ kimi möhkəm qalıb, külək və yağış qarşısında sarsılmayıb. Bu münasibətlər uzunmüddətli perspektivə hesablanıb və getdikcə daha mürəkkəb və sürətlə dəyişən dünyada əməkdaşlığımız davam edəcək”, – deyə Si Cinpin vurğulayıb.

Bizi WhatsApp – da izləyin.