Tbilisidə Azərbaycanlı ekofəallara dəstək aksiyası keçirilib

Tbilisidə BMT-nın Gürcüstan nümayəndəliyinin binası qarşısında Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində baş verən ekoloji problemlərə diqqət çəkmək məqsədilə dinc aksiya keçirilib.

Onu da bildirək ki, Marneulidəki “Azərbaycan Evi”-nin təşkilatçılığı ilə keçirilən aksiyada yerli icma təşkilatlarının nümayəndələri və gənclər iştirak ediblər.

Aksiya iştirakçıları beynəlxalq təşkilatları Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində separatçılar tərəfindən ekologiyaya vurulan zərərlə bağlı rəy bildirməyə və bu kimi hallara susmamağa çağırıblar.

Əllərində Gürcüstan və Azərbaycan bayraqları tutan aksiya iştirakçıları ingilis və gürcü dillərində “Ekoloji cinayətə son”, “Stop ecoterror”, “Stop Armenian ecocide” kimi şuarlar səsləndiriblər.

Məlumat üçün onu da bildirək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on altı gündür davam edir.