Alyans Gənclər Mərkəzində “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabı təqdim edilib
“Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində gənclərə təqdim olunub.
Mərkəzin icraçı direktoru Rəna Hüseynova çıxış edərək bildirib ki, kitab-albom Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Şuşa ili”nə həsr olunan tədbirlər çərçivəsində, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə nəşr edilib.
Tədbirin məqsədi Diaspola İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində müxtəlif dərnəklərdə iştirak edən məktəb şagirdləri və tələbələrə kitabda yer alan Qarabağ xanlığına aid 300-dən çox artefaktın rəsmi və eksponatlar barədə geniş məlumat vermək olub.
Rəna Hüseynova deyib ki, “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin daha da dərinləşməsində layiqli töhfə olmaqla yanaşı, tariximizin öyrənilməsində dəyərli mənbə olacaqdır.
Bildirilib ki, kitab professor Eldar Nadiradzenin rəhbərliyi altında bir qrup gürcü alimin iştirakı ilə hazırlanıb.
Mərkəzin sədri Leyla Əmrahova yüzilliklərin yadigarı olan, əfsanəyə dönmüş həqiqətləri özündə yaşadan tarix nümunələrinin toplanılaraq nəşr edilməsini əhəmiyyətindən söz açıb, Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığı və onun zəngin mədəni irsinə artan beynəlxalq marağın daha bir göstəricisi kimi qiymətləndirib.
Mərkəzin tarix müəllimi Ruslan İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin oktyabrın 24-də Mcxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) “Qarabağ xanlığının irsi” kitabının təqdimatında və sərgidə iştirakı ilə bağlı video görüntüləri gənclərə nümayiş etdirib.
O, deyib ki, kitabda XIX əsrdə və XX əsrin əvvəlində Qarabağa təşkil edilmiş elmi ekspedisiyalar zamanı toplanaraq Rusiya imperiyasının Tiflis şəhərindəki arxivlərinə göndərilən, hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan çoxsaylı eksponatların bir hissəsi əksini tapıb. Kitabda artefkatların (xalçalar, silahlar, rəsm əsərlari, qab-qacaqlar və s.) əsasında müəllif Qarabağ xanlığı dövründə yaşamış Azərbaycan xalqının mədəni irsinin – silah və qələmin, zadəgan nəsillərin şan-şöhrətinin və ən xəfif poeziyanın parlaqlığının, ruhani yüksəlişin və yaradıcı inkişafın şərəfli dövrünün zənginliyini və müxtəlifliyini göstərildiyini qeyd edib.