Doxturişvili: “Təkəli kənd sakinlərinin torpaq problemi həll ediləcək”
Marneuli rayonunun Təkəli kəndində 20-dək ailənin uzun illərdir ki, kənd ərazisində istifadə etdikləri 30 hektardan artıq torpaq sahəsi onlardan xəbərsiz qanunla başqalarına uzun müddətli icarəyə verilib. Bu da yeganə məşğuliyyətləri kənd təsərrüfatı olan Təkəli sakinləri üçün böyük problemlər yaradıb.
Məsələ ilə əlaqədar kənd sakinləri ilə görüşən Kvemo-Kartli bölgəsinin Qubernatoru Giorgi Doxturişvili mövcud problemin həlli istiqamətində sakinlərə iki alternativ yol təklif edib. Dövlət rəsmisi ilk olaraq torpağı icarəyə götürən şəxslər və Təkəli sakinləri arasında görüşün keçirilməsi və problemin həllinə dair danışıqların aparılması fikrini irəli sürüb. O qeyd edib ki, görüş zamanı nəticə olmadığı təqdirdə, ətraf ərazidə 32 hektar kənd təsərrüfatı torpaq sahəsinin sakinlərə icarəyə verilməsini dövlət təmin edəcək.
“Sakinlərlə görüşüb onların problemi ilə bağlı söhbət apardıq. Məsələnin həlli ilə bağlı 2014-cü ildən istifadə etdikləri 30 hektardan çox torpaq sahəsinin elə həmin ərazidə kənd sakinlərinə qaytarılması, və ya kəndin yuxarı hissəsindəki torpaqların istifadə üçün vətəndaşlara verilməsində dayandıq. Yaxın günlərdə bu torpaqları icarəyə götürən şirkətlə görüşümüz olacaq. Kənd sakinlərinin torpaqsız qalmaması üçün nə lazımdırsa edəcəyik.” – deyə G.Doxturişvili bildirib.
Bölgə qubernatoru istənilən halda sakinlərin istifadəsi üçün kəndin yuxarı hissəsində də kifayət qədər torpaq sahəsinin olduğunu qeyd edərək, sadəcə Təkəli sakinlərinin bu günədək istifadə etdikləri torpaqlarda əkib becərməyə davam etmək istədiklərini və məsələnin məhz bu cür həll olunması istiqamətində işlər aparacağını da diqqətə çatdırıb.