Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi uğurla öz fəaliyyətini davam etdirir – FOTO
Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi Bolnisidə uğurla öz fəaliyyətini davam etdirir.
10 sentyabr 2021-ci ildən dövlət qeydiyyatına alınmış Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi artıq bir ildən çoxdur ki, Bolnisidə rayon mərkəzində fəaliyyət göstərir. Qeyd edək ki, mərkəzdə gürcü dili, ingilis dili, Azərbaycan dili və ədəbiyyat fənnləri, 1+4 proqramı ilə milli imtahanlara hazırlıq kursları və hüquqi yardım xidmətləri mövcuddur.
Bundan əlavə Bolnisili gənclərin Gürcüstan cəmiyyətinə inteqrasiyası, onların məktəbdənkənar fəallıqlarda iştirakı üçün mərkəzdə daim müxtəlif elmi, mədəni tədbirlər, mühazirələr keçirilir, intellektual yarışmalar təşkil edilir, milli adət-ənənələrimiz yaşadılır.
Onu da bildirək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən mərkəz gələcəkdə yeni fənnlər üzrə də kurslar açmağı planlaşdırır.
RealNews-a müsahibə verən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov mərkəzin fəaliyyətindən danışıb:
“Mərkəzimizdə dərslərmiz müasir metodlarla tədris olunur. Müdavimlərə qatıldıqları fənnlər üzrə filmlər izlədilir, təqdimatlar keçirilir, yaraşılar və dialoqlar vasitəsi ilə dərslər interaktiv olaraq təşkil olunur. Hər həftənin şənbə günü saat 10:00-dan 15:00-kimi təmənnasız hüquqi yardım xidmətlərimizdən Bolnisidə yaşayan vətəndaşlar yararlanırlar. Bu günə kimi 100-ə yaxın vətəndaş müxtəlif məsələlərlə bağlı mərkəzimizə müraciət ediblər. Onlar arasında torpaq, təqaüd, məktub və müraciətlərin yazılması ilə əlaqədar mütamadi xidmətlərmizdən yararlananlar çoxluq təşkil edir. Qeyd edim ki, ingilis, gürcü, Azərbaycan dili və ədəbiyyat fənni və 1+4 hazırlıq proqramı kurslarmızda 200 nəfərə yaxın gənc təhsil alır. 2021-ci ilin 8 noyabr tarixindən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində həyata keçirilən kursları bu günədək 150-nəfərdən çox müdavim bitirib və onlara müvafiq sertifikatlar təqdim edilib. Xüsusilə bildirmək istəyirəm ki, Bolnisidə yaşayan azərbaycanlılara aid yeganə mərkəz məhz Qafqaz Hüquq və İnteqrasiya Mərkəzidir.” – deyə Rezo Həsənov bildirib.
Mərkəzin direktoru həmçinin buraya gələn valideyn və rayon sakinlərinin mərkəzin fəaliyyətini böyük sevinclə qarşıladıqlarını və illərdir ki, buna böyük ehtiyacın olduğunu bildirdiklərini deyir.
Rezo Həsənov mərkəzin fəaliyyətinə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə də təşəkkürünü bildirib.
“Öz adımdan və mərkəzimizin kollektivi adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradova və komitənin bütün əməkdaşlarına təşəkkür edir və fəaliyyətlərində uğurlar arzulayıram!” – deyə o, qeyd edib.