Qaribaşvili: Azərbaycanla tərəfdaşlıq Cənubi Qafqazın daha stabil region olmasına töhfə verir
Gürcüstanla Azərbaycan arasında sıx iqtisadi əməkdaşlıq, strateji tərəfdaşlıq və ən əsası dostluq münasibətləri mövcuddur.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstan-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyanın iclasında bildirib.
O qeyd edib ki, iki ölkə arasında mövcud olan nümunəvi tərəfdaşlıq Cənubi Qafqazın daha stabil bir region olmasına töhfə verir.
“Bizim möhkəm dostluq və mehriban qonşuluq münasibətlərimiz var. Biz şadıq ki, bir neçə həftə əvvəl Prezident İlham Əliyevi qonaq etdik. Bu, Gürcüstan üçün çox mühüm bir səfər idi. Biz Azərbaycan Prezidenti ilə mövcud strateji layihələri müzakirə etdik və bu gün haqqında danışmağa davam edəcəyimiz planlar qurduq. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, birgə komissiyanın iclasları son dövrlərdə fəallaşıb. Mən ötən il də bu komissiyada iştirak etmək şərəfinə nail olmuşam. Onu da qeyd edim ki, bu il biz Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Xalqlarımız və ölkələrimiz arasında tam anlaşma, dostluq var və bu əlaqələr getdikcə möhkəmlənir. Qeyd etməliyəm ki, bu nümunəvi tərəfdaşlıqla biz Cənubi Qafqazın daha stabil bir region olmasına öz töhfəmizi veririk. Bu, bizim ümumi məqsədimizdir, daha böyük iqtisadi inkişaf və xalqlarımızın firavanlığına zəmin yaradacaq sabit region görmək bizim ümumi marağımızdır”, – Baş nazir bildirib.