Ukrayna Ombudsmanı: Saakaşvili Avropa və ya ABŞ-da xəstəxanaya köçürülməlidir
Ukrayna Ali Radasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Dmitri Lubinets Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvili ilə görüşünə icazə verilməsi üçün Gürcüstan rəsmilərinə müraciət edib.
Bu barədə Lubinets “Telegram” kanalındakı paylaşımında bildirib.
“Mixeil Saakaşvilinin səhhəti kəskin pisləşib. Mən Ukrayna Ombudsmanı olaraq onun həyatına təhlükə olmamasından şəxsən əmin olmağın zəruri olduğunu hesab edirəm. Mən Gürcüstan rəsmilərini hazırda “Vivamedi” klinikasında olan Ukrayna vətəndaşı ilə görüşməyə icazə verməyə çağırıram. Ukrayna vətəndaşı olan Mixeil Saakaşvilinin hazırkı kritik vəziyyəti həyəcan və narahatlıq doğurur” – deyə o, bildirib.
Lubinets qeyd edib ki, Gürcüstan tərəfi Saakaşvilini müvafiq tibbi müayinə və saxlanılma şəraiti ilə təmin etməlidir və ya onun Avropa və ABŞ-dəki tibb müəssisələrinə köçürülməsinə yardım etməlidir.
Ombudsman əlavə edib ki, Ukrayna demokratik və müasir Avropa ölkəsi olaraq xaricdəki vətəndaşlarının hüquq və maraqlarının qorunmasını müşahidə etməyə maksimum diqqət ayıracaq.