Xüsusi əməliyyatlar nəticəsində 62 nəfər saxlanılıb – VİDEO
Tbilisidə, eləcə də ölkənin müxtəlif bölgələrində keçirilən xüsusi əməliyyatlar nəticəsində 62 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Tbilisi, Batumi, Zuqdidi, Kutaisi, Ozurqeti, Qori, Marneuli və Rustavidə keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində 62 nəfər saxlanılıb, onlardan 46 nəfəri narkotik alverçisidir. Qeyd olunub ki, saxlanılanlar arasında İordaniya, Latviya, Ermənistan, Türkiyə, Azərbaycan, İran, Rusiya, Ukrayna, Misir və Nigeriya vətəndaşları da var.
Onu da bildirək ki, məhkəmə qərarı əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bir neçə dəfə narkotik vasitələrin qanunsuz saxlanılması ittihamı ilə həbs edilmiş şəxslər tərəfindən narkotik vasitələrin alışını və satışını əks etdirən gizli audio-video çəkilişlər üzə çıxıb.
Saxlanılan şəxslərin göstərdikləri yerlərə, eləcə də onların şəxsi avtomobillərinə, yaşayış evlərinə və mənzillərinə baxış zamanı satış üçün hazırlanmış küllü miqdarda narkotik vasitələr: “Heroin”, “Kokain”, “Alfa”, “PVP”, “Buprenorfin”, “Ekstazi”, “Metadon”, “Ketamin”, “Lirika”, “Tiryək” və “Marixuana” aşkar edilərək götürülüb.
Təqsirləndirilən şəxsləri törətdikləri cinayətlərə görə 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.