Faiq Quliyev “Parlaq gələcək” təhsil mərkəzini ziyarət edib
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Səfir Faiq Quliyev Saqareco rayonunun Yor Muğanlı kəndində yerli azərbaycanlı müəllimlər tərəfindən yeni yaradılmış “Parlaq gələcək” təhsil mərkəzini ziyarət edib.
Hazırda kitabxana kimi fəaliyyət göstərən ikimərtəbəli təhsil mərkəzində yerli gənclər üçün gələcəkdə müxtəlif tədris kurslarının da təşkil ediləcəyi barədə səfirə məlumat verilib. Bildirilib ki, yerli azərbaycanlıların səyləri nəticəsində bu təhsil mərkəzinə Azərbaycan və gürcü dillərində iki mindən artıq kitab toplanılıb və gənclər həvəslə qeyd olunan ədəbiyyatlardan istifadə edirlər.
Eyni zamanda, “Parlaq gələcək” təhsil mərkəzinin şagirdləri tərəfindən müxtəlif şeir, mahnı və milli rəqslərdən ibarət bədii proqram nümayiş etdirilib və mərkəzin şagirdi tərəfindən çəkilmiş “Qız qalası” şəkli də səfirə hədiyyə olunub.
F.Quliyev “Parlaq gələcək” təhsil mərkəzinin müəllim heyəti ilə söhbəti zamanı həmin mərkəzin yaradılmasını yüksək qiymətləndirdiyini və bu mərkəzin digər bölgələrdəki Azərbaycanlılar üçün nümunə ola biləcəyini qeyd edib. Diplomat Azərbaycan dövlətinin Gürcüstandakı azərbaycanlı icmanın təhsil sahəsində bir sıra məsələlərin həlli istiqamətində atdığı mühüm addımlardan danışaraq, təhsil işçilərini maraqlandıran sualları cavablandırıb.
Görüşün sonunda səfir “Parlaq gələcək” təhsil mərkəzinin kollektivinə fəaliyyətlərində uğurlar arzulayaraq, mərkəzə kompüter hədiyyə edib.