Xankəndi-Laçın yolunda etiraz aksiyası 32 gündür fasiləsiz davam edir

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının bir ayı tamam olur.

Dekabrın 12-də səhər saatlarından başlayan aksiyanın artıq otuz ikinci gündür.

Şuşa şəhərinə qar yağmağına baxmayaraq, aksiya ötən gecə boyu da davam edib.

Etirazçılar gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Hazırda havanın qarlı və şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

Xatırladaq ki, ötən gün Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 43 avtomobil maneəsiz hərəkət edib.