Azərbaycanlı fəallar dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar
Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.
Hazırda azərbaycanlı fəalların əhval-ruhiyyəsi yüksəkdir.
Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.
Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.