“Dünya azərbaycanlıları hadisəni İranın xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı sayırlar” – BƏYANAT
“Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində bir azərbaycanlının qətlə yetirilməsi, ikisinin isə yaralanmasından dərin kədər hissi keçirdiyimizi bildiririk. Dünya azərbaycanlıları baş vermis hadisəni İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı hesab edir, hər bir soydaşımız bu xain hücumü və qanlı cinayətləri törədənləri lənətləyir, diqqəti yayındırmaq üçün yayılan yalan məlumatlara inanmadığını bəyan edir. Baş vermis qanlı olay məntiqə və insanlığa sığmır”.
Bu fikirlər dünya azərbaycanlılarının Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı bəyanatında əksini tapıb.
Qeyd olunub ki, Cənubi Azərbaycanda 40 milyon soydaşımızın yaşaması, onların davamlı olaraq hüquqlarının pozulması və İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmaması bizi hədsiz narahat edir:
“Biz dünya ictimaiyyətinin diqqətini regiona yönəldir, insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizəyə çağırırıq.
Regionda sülh və sabitliyə əngəl törədən terror aktı barədə məlumatları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə çatdıraraq, İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısını almaq üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırırıq.
Nəzərinizə çatdıraq ki, biz İran və Ermənistanın Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törətdiyinin şahidiyik. Belə ki, son vaxtlar 27 İran vətəndaşı Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlərlə Qarabağ ərazisində olan separatçıların yanına keçmiş, bu günə qədər Ermənistan və İran bu barədə heç bir açıqlama verməmişdir.
Biz törədilən terror aktı nəticəsində həlak olanların xatirəsini ehtiramla anır, davamlı olaraq Ermənistanın müxtəlif istiqamətli terror əməlləri ilə üz-üzə qalan Azərbaycana qarşı İran İslam Respublikasının da eyni mövqedən çıxış etməsini pisləyir, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunmasını tələb edir, beynəlxalq ictimaiyyətdən ədalətli mövqe gözləyirik”.