Baş nazirin təşəbbüsü ilə 330 yeni uşaq bağçası inşa ediləcək, 500-dən çoxu isə təmir olunacaq

Baş nazir İrakli Qaribaşvilinin təşəbbüsü ilə ölkə üzrə 885 uşaq bağçasının tikintisi və bərpasını nəzərdə tutan yeni layihəyə start verilir. Belə ki, layihəyə əsasən 330 yeni uşaq bağçası inşa ediləcək, 555-i isə təmir-bərpa olunacaq.

Onu da bildirək ki, sözügedən məsələ bu gün İrakli Qaribaşvilinin rəhbərliyi ilə hökumətin iclasında müzakirə olunub.

Qeyd olunub ki, uşaq bağçalarının tikinti-bərpa proqramı bir neçə mərhələdə həyata keçiriləcək və bunun üçün dövlət büdcəsindən 1,3 milyard lari xərclənəcək. 2023-cü il büdcəsində işlərin birinci mərhələsi üçün artıq 100 milyon larinin ayrılması nəzərdə tutulub.

Tikinti və bərpa işləri Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fondu tərəfindən aparılacaq, tenderlər yaxın vaxtlarda elan ediləcək.