Belqorod vilayətində Krım körpüsünün tikintisində iştirak edən zavoda zərbə endirilib
Belqorod vilayətində zavodda güclü yanğın baş verib.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində itkilər olmayıb. Ukrayna tərəfini bölgəni atəşə tutmaqda ittiham edən qubernator “mərmilərin mülki sənaye zavodunun ərazisinə düşdüyünü” açıqlayıb.
Yerli teleqram kanallarında bildirilib ki, ərazidə neft bazası yanır, yanğın yaxınlıqdakı Borisov Körpü Metal Konstruksiyaları Zavoduna keçib.
Zavodun saytında yer alan bilgiyə görə, müəssisə 2015-ci ildən Krım körpüsünün tikintisində iştirak edib.
Xatırladaq ki, ötən il oktyabrın 8-də Krım körpüsündə partlayış baş verib. Nəticədə körpüdəki şosenin 250 metrlik hissəsi çöküb. Hadisədə 5 nəfər həlak olub. Moskva partlayışda Ukrayna xüsusi xidmət orqanlarını ittiham etsə də, rəsmi Kiyev bunu təkzib edib və Rusiyanı bunu qəsdən törətdiyini açıqlayıb.
İnsidentdən 2 gün sonra Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisini kütləvi raket hücumuna məruz qoyublar.