Azərbaycanın xilasetmə qrupu Kahramanmaraşda fəaliyyətə başlayıb – FOTO
Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycandan gedən xilasedici qrupları Kahramanmaraşa çataraq zəlzələ bölgəsinə göndərilib.
Bu barədə RealNews “Ensonhaber”ə istinadən xəbər verir.
Bildirilir ki, xilasetmə qrupları təbii fəlakət bölgəsindədir.
Qeyd edək ki, fevralın 6-da gecə saatlarında Türkiyədə 7,4 maqnitudalı zəlzələ olub. Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.
Təbii fəlakətdən sonra ölkə üzrə bütün bölmələr hazırlıq vəziyyətinə gətirilib.
Daxili işlər naziri Süleyman Soylu dördüncü səviyyəli həyəcan siqnalının verildiyini və beynəlxalq yardımın da gələcəyini bildirib.
“Azərbaycan yardıma tələsdi. Bu çərçivədə ilk yardım qardaş ölkə Azərbaycandan gəldi. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə ilkin olaraq 370 nəfərdən ibarət yardım qrupunun göndəriləcəyi açıqlanıb.
Bu açıqlamadan sonra xilasetmə qrupları sürətlə Türkiyəyə çatmaq üçün hərəkətə keçib.
Azərbaycandan olan axtarış-xilasetmə qrupları zəlzələdən 15 saat keçməmiş Kahramanmaraş şəhərinə gəlib. Onlar qısa zamanda zəlzələ zonasına göndəriliblər. Hava limanına enən qruplar sürətlə zəlzələ bölgələrinə göndərilib”, – agentlik vurğulayıb.