Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq
Bu gün Almaniyada 59-cu Münhen Təhlükəsizlik Konfransı işə başlayır.
Konfrans panellərindən biri Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə həsr olunub.
Belə ki, fevralın 17-də “Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi” mövzusunda panel müzakirəsi keçiriləcək. Bu panel müzakirəsində ATƏT-in Baş katibi Helqa Şmid və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin iştirakı gözlənilir.
Konfrans zamanı həmçinin Ukraynadakı müharibə, enerji və su təhlükəsizliyi məsələləri, iqlim dəyişikliyi ilə mübarizə və digər aktual mövzular müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, ABŞ dövlət katibi Entoni Blinken, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Almaniya kansleri Olaf Şolts və başqaları Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəklər.
Münhen Təhlükəsizlik Konfransı fevralın 19-da başa çatacaq.