Gürcüstan mətbuatı “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə başlayıb

Gürcüstanın “Sakartvelos Respublika” qəzeti müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə məqalələr dərc etməyə başlayıb.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və “Alyans” Gənclər Mərkəzinin “Heydər Əliyev İli” çərçivəsində birgə layihəsi əsasında nəşr olunan qəzet vaxtilə dahi şəxsiyyətlə görüşmüş gürcü ictimai-siyasi xadimlərinin, həmçinin Gürcüstan azərbaycanlılarının müsahibələrini məqalə şəklində təqdim edir.

Alyans Gənclər Mərkəzindən RealNews-a verilən məlumata görə, məqalələrin müəllifi Gürcüstanın Əməkdar jurnalisti Quram Qoqiaşvilidir.

“Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyaya nümunədir” sərlövhəli məqalədə Gürcüstan parlamentinin keçmiş deputatı Ramiz Bəkirovun fikirlərinə yer verilib. Ramiz Bəkirov bildirib ki, Heydər Əliyev hələ sovetlər dövründə Gürcüstanda yaşayan azərbaycanlılar haqqında düşünüb, onların azad, firavan və xoşbəxt yaşamaları üçün müəyyən addımlar atıb.

Onun sözlərinə görə, Ulu Öndərin Gürcüstana tarixi, çox uğurlu və soydaşlarımız üçün böyük əhəmiyyət kəsb edən, yaddaqalan rəsmi səfərləri olub. “Azərbaycan xalqı xoşbəxt xalqlardandır. Onun dünyaşöhrətli tarixi şəxsiyyəti və bu görkəmli şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən, ideyalarını yaşadan, həyata keçirən praqmatik Prezidenti var. Bu gün xalqımız, dünya azərbaycanlıları, eləcə də Gürcüstanda yaşayan azərbaycanlılar tarixi vətənləri olan Azərbaycanın, onun Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşiblər. Bu birlik əbədidir, ölməzdir və heç zaman qırılmayacaq”, – deyə Ramiz Bəkirov vurğulayıb.