Tbilisidə “Xocalıya ədalət!” adlı sərgi və anım tədbiri keçirilib – VİDEO
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı “Xocalıya ədalət!” adlı sərgi və anım tədbiri keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən anım tədbirində Heydər Əliyev Mərkəzinin şöbə müdiri Səbuhi Əhmədov, Türkiyə və İsrailin Gürcüstandakı səfirləri, eləcə də Britaniya, Cənubi Koreya, Qazaxıstan və Qətərin Gürcüstandakı səfirliklərinin məsul əməkdaşları, NATO-nun Gürcüstan ofisinin nümayəndəsi, “SOCAR Georgia”nın baş direktoru, rəsm müsabiqəsinin iştirakçıları, gürcü və azərbaycanlı icmanın nümayəndələri iştirak ediblər.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının, eləcə də Türkiyədə baş vermiş zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Həmçinin bildirib ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur.
Türkiyə səfiri Ali Kaan Orbay çıxışında Xocalı faciəsinin təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirib.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov isə ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törədiyi cinayətlər, terror və soyqırımları barədə geniş məlumat verib.
Sonra litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanmış “Sonsuz dəhliz sənədli filmi nümayiş etdirilib.
Tədbirin sonunda Azərbaycanın Gürcüstandakı səfirliyinin Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar elan etdiyi rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.