Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin 8-ci görüşü olub
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin 8-ci görüşü baş tutub.
Görüşdə ötən il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən 7-ci iclasdan sonra görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub.
Gürcüstan parlamentinin komitə sədri Nikoloz Samxaradze dünyada cərəyan edən proseslər, regionda təhlükəsizlik məsələləri, eləcə də, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin əhəmiyyəti barədə ətraflı məlumat verib. Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlığın genişlənməsində və daha da möhkəmlənməsində parlamentlərin rolunu qeyd edib.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək keçən il Şuşada keçirilən 7-ci iclasın əhəmiyyətini bir daha qeyd edib. Bildirib ki, 7-ci iclasdan keçən bir il ərzində Şuşada, eləcə də Azərbaycanın işğaldan azad olunmuş digər ərazilərində çox böyük quruculuq və bərpa işləri həyata keçirilib. Bildirilib ki, hazırda Zəngəzur dəhlizinin tikintisi istiqamətində işlər davam edir. Lakin hər zaman pozuculuq fəaliyyəti ilə məşğul olan Ermənistan yenə də öz məkrli siyasətindən əl çəkmir. Buna baxmayaraq, Azərbaycan regionda sülhün bərqərar olması və davamlı inkişafa çatmaq üçün səylərini davam etdirir.
Səməd Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı əlaqələrimizin inkişafı ilə bağlı söylədiyi fikirlərin əhəmiyyətini qeyd edib, parlamentlərin Xarici əlaqələr komitələrinin səmərəli fəaliyyətinin ikitərəfli və üçtərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin komitə sədri Akif Çağatay Kılıç, ilk növbədə, ölkəsində baş vermiş dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılmasında və təbi fəlakət nəticəsində zərərçəkən insanlara göstərilən dəstək və yardıma görə, Azərbaycan və Gürcüstan hökumətlərinin rəhbərlərinə minnətdarlıq edib.
A.Çağatay Kılıç regionda və bölgədə baş verən proseslərdən danışıb, parlament əməkdaşlığının rolunu diqqətə çatdırıb.
Müzakirələr zamanı, üç ölkə arasında əməkdaşlığın, strateji tərəfdaşlıq münasibətlərinin inkişafının regionda sülhün və təhlükəsizliyin bərqərar olmasına xidmət edəcəyi xüsusi vurğulanıb.