“Ambassador” otelinin sahibi kimdir?
Ötən gün Tbilisidəki “Ambassador” otelində baş vermiş güclü yanğın nəticəsində binanın 2 mərtəbəsi tamamilə yanıb.
Qeyd edək ki, Gürcüstan Ədliyyə Nazirliyində olan məlumatlara görə otelin sahibi “Ambassador Group” MMC-dir. Onun səhmlərinin sahibi isə iş adamı Elquca (Buba) Keburiadir.
Buba Keburia Rusiya, Fransa və Gürcüstanda biznes fəaliyyəti ilə məşğuldur. Moskvada biznes mərkəzi, 4 ulduzlu “Kebur Palace” mehmanxanası, “Tiflis”, “Prince Bagrationi” və “Tifliski Dvor” restoranları, Parisdə “Georgian House” restoranı, Gürcüstanda şərab zavodu, Tbilisi, Batumi və Kacretidə yüksək səviyyəli otel-restoranların, “Ambassador” şəbəkəsinin sahibidir. Buba Keburiyanın üç övladı var.
Məlumat üçün onu da bildirək ki, ötən gün oteldə yanğının hansı səbəbdən baş verdiyi ilə bağlı hələ ki, rəsmi açıqlama edilməyib. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə araşdırma başladılıb.