Prezident ABŞ-ın gürcü hakimlərə qarşı sanksiyalarından danışıb
Prezident Salome Zurabişvili ABŞ-ın dörd gürcü hakimə qarşı sanksiyalarının ölkənin Avropa İttifaqına namizəd statusu almasına mane ola biləcəyindən narahatlığını bildirib.
Bu barədə o, ABŞ səfiri Kelli Deqnan ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.
“Təəssüf edirəm ki, bu qərarla ölkə sanksiyaya məruz qalan digər ölkələrin siyahısına daxil edilib. Bu, Gürcüstanın avropalı tərəfdaşlarından ən vacib qərarı – namizəd statusunun (Aİ üzvlüyünə dair – red.) verilməsini gözlədiyi anda baş verib. ABŞ-ın qərarının Avropada mənfi siqnal kimi qəbul ediləcəyindən ehtiyat edirəm”, – S.Zurabişvili deyib.
Prezident vurğulayıb ki, məhkəmə sistemində mümkün korrupsiya faktlarının araşdırılması və ya Ali Ədliyyə Şurasının tərkibinə yenidən baxılması kimi əməli addımların atılması lazımdır. S.Zurabişvilinin sözlərinə görə, ABŞ-ın sanksiya qərarı cəmi 4 nəfərə aid olsa da, ölkənin nüfuzuna xələl gətirir. “Ölkəyə etimadı bərpa etmək üçün islahatlar yolu ilə məhkəmə sistemini təkmilləşdirmək lazımdır”, – o bildirib.